+994503578952 drzeynili@gmail.com

Bel OXZ sinir fəsadlarının müalicəsində xüsusi korset tətbiqi

Səmərələşdirici təklif

       OXZ sinir fəsadlarının kəskin mərhələsində belə düşən gücü azaltmaq üçün yataq rejimi və korset bağlamaq lazımdır. Osteoxondrozun sinir fəsadlarının kəskin mərhələsində müalicə müddətini qısaltmaq, əstəliyin xronikləşməsinin qarşısını almaq, müalicəni daha effektli etmək üçün sərt yataqda bir neçə gün yatdıqdan sonra xəstənin, mümkün olduğu qədər, erkən aktivləşməsi vacibdir. Amma, xəstələr çox zaman həddən çox ağrıkəsici və miyoreleksantlar qəbul etdiklərindən ağrı və əzələlərin qoruyucu gərilməsi azalır, nəticədə onlar ayaq üstə duranda xüsusilə onurğa beyni, sinir və damarların sıxılması artır və patoloji proses daha da dərinləşir. Fikirimizcə, son zamanlar bel fəqərəarası disk yırtıkları münasibəti ilə edilən əməliyatların sayının artmasına bir səbəb də budur. Zədələnmiş onurğa funksiyonal biriminə düşən yükü azaltmaq və hərəkətləri məhdudlaşdirmaq üçün bir çox müəllif korset, ştank qaldıran (halterçi) kəməri və s. istifadə etməyi məsləhət görürlər.

B.e.ə. 130-cu illərdən bu günə qədər onurğa xəstəliklərində tətbiq etmək üçün ağac qabığı, dəri, müxtəlif təbii və süni materiallardan hazırlanmış müxtəlif formada onlarla korset təklif edilmişdir. Biz bel üçün təklif olunmuş korsetlərdən 30-dan çox kitab, jurnal, məqalə və 25 internet veb səhifəsində təsvir edilən qırxdan çox korseti araşdırdırdıq. Nəticədə, müəyyənləşdirdik ki, onlardan heç biri patologiyaya uğramış fəqərəarası diskə və oynaqlara düşən ağırlğı kifayət qədər azaltmır, çox seqmenti əhatə etdiyi və döş qəfəsini sıxdıkları üçün lüzumsuz hərəkətsizliyə səbəb olurlar.

Bunları nəzərə alaraq bel osteoxondrozun sinir fəsadlarında, xüsusən fəqərəarası disk yırtığının kəskin dövründə, manual terapiyadan sonra, fəqərəarası oynaqların artrozunda istifadə etmək üçün prinsipcə yeni korset (şəkilə bax) təklif edirik. Xaricdən dəri və ya dermantin, içərisi qalın bezdən olmaqla kifayət qədər sərt hazırlanmış korsetin yan hissəsi (şəkiıldə 7) qabırğa qövsünün ən aşağı dayanıqlı nöqtəsi ilə qalça darağını sıx birləşdirərək bel fəqərələrinə düşən ağırlığı paylaşdırmaqla zədələnmiş onurğa funksiyonal biriminə düşən təzyiqi azaldır və xəstənin önə əyilməsinə imkan vermir.

​​​​

Korsetin arxa-bayır hissəsindəki cibə yerləşdirilmiş sərt metal və ya plastmas lövhə oma, bel və döş fəqərələrinin arxa çıxıntılarına bərk sıxılaraq onurğanın bu hissəsinə dayaq olur, arxaya hərəkətə imkan vermir. Korset sərt olduğu, beli və qarını çox sıxdığı üçün qarındaxili təzyiqi artırmaqla onurğanın tonusunu yüksək tutur, diskətrafı damarlarda (qan və limfa) təzyiqi artırır. Fəqərəarası diskə düşən yük yanlara paylaşılaraq azaldığından diskdaxili təzyiq azalır. Nəticədə disklərin qidalanması yaxşılaşır. Korset bağlandıqda xəstəyə güvən verir, qarın və bel əzələlərinin aktivliyi azalır, beldə istilik artır, skolioz normallaşır və digər bel əyrilikləri tənzimlənir, deformasiyanın qarşısı alınır.

Təklif olunan korset 14 il ərzində (1989-1994’cü illər Naxçıvan Respublika Xəstəxanası, 1994-2001’ci illər Türkiyənin Kayseri Qızıl Ay Sağlıq Mərkəzi, son 3 ildə yenidən Naxçıvan Respublika Xəstəxanasında) 1250-dən çox xəstəyə tətbiq edilmişdir. Uzun müddətli müşahidələr nəticəsində müalicənin korset istifadə etməyənlərə nisbətən daha tez və effektli olduğu, yataq günlərinin sayının kəskin azaldığı, xəstənin əmək qabiliyyətinin daha tez bərpa olduğu, beləliklə müalicəyə çəkilən xərcin azaldığı müəyyənləşdirilmişdir. Korset qöştərişlərə ciddi əməl edilməklə hazırlanıb tətbiq edilməli, şəkıldə göstərilən ölçüləri hər xəstəyə özəl olaraq və dəqiq götürülməlidir. Bu zaman döş qəfəsinin ən aşağı yan sərt nöqtəsi (qığırdaqların bir birinə və döş qəfəsinə birləşdiyi nöqtə), bəzən X qabırğa qığırdağının sərbəst olması nəzərə alınmaqla, müəyyən edilir. Bel lordozunun düzlənmə dərəcəsi nəzərə alınmaqla lövhənin qoyulub qoyulmaması və forması müəyyənləşdirilir. Korsetin uclarını birləşdirən hissə 20-25 sm paris plastırından (cırıt, velkro) hazırlanır (şəkildə 8-9) ki, bağlanma anında qarnın vəziyyətinə (tox, ac, köp və s.) uyğun sıx bağlana bilsin. Korsetin kənarları qatlanaraq tikilir ki, yumşaq toxumaları zədələməsin. Korset kompleks konservativ müalicənin tərkib elementi kimi xəstəliyin kəskin dövründə, sərt yataqda bir neçə gün yatdıqdan sonra, ayağa durmazdan əvvəl və ya sərt yerdə ən azı 10 dəqiqə uzandıqdan sonra nəfəs vermənin sonunda kip sıxılmaqla bağlanır.