+994503578952 drzeynili@gmail.com


GERÇƏK GÜNAHKARDIR


Qəribə əyyamdır, üz astar olmuş,

Bazarda satan çox, amma alan yox.

Mənim ürəyimdə indi yel vurub,

Yengələr oynayır, çəpik çalan yox.

Azadlıq qollarda bir kəmənd olub,

İndi qarğalar da gülə bənd olub,

Fələyin gərdişi tərs-avand olub,

Gerçək günahkardır, amma yalan yox.


Maşallah, çıxmışıq göyün seyrinə,

Bilən yox bu işin şəri, xeyri nə.

Qılan səcdə qılır tək öz xeyrinə

Haqqa səcdə ilə namaz qılan yox.


Bir ovuc torpaqdır hamının sonu,

Sağ ikən bir kimsə düsünmür bunu.

Hamımız acgözük, Allah xofunu

Qəlbinə, ruhuna, vallah, salan yox.


Ölülər diridir, dirilər ölü,

İstidir dünyanın odundan külü.

Doğru danışanın kəsilir dili

Öldürən haqlıdır, indi ölən yox.


ALLAHDAN QANAD İSTƏDİM

Allahdan qanad istədim,

Allah mənə xəyal verdi.

Bu qanadlı xəyal mənə

Yaşamağa macal verdi.


Allahdan fərəh istədim,

Allah mənə kədər verdi.

Bu kədərim, qədərimə

Tamam başqa qədər verdi.


Allahdan ağıl istədim,

Allah mənə ürək verdi.

Bu ürək mənim ömrümə

Qəm üstündən qəm gətirdi.


Allahdan dözüm istədim,

Allah mənə qəzəb verdi.

Mən Allahdan rəhm istədim,

Mənə bollu əzab verdi.


Mən Allahdan haqq istədim,

Zülmünü gen-bol eylədi.

Əzabların kotanına

O, sinəmi yol eylədi.


Q O R X U

Mənim sol əlimdə yanıq yeri var,

O mənə töhfədir körpəliyimdən.

Odun odluğundan xəbərsiz vaxtlar

Əlimi manqalda yandırmışam mən.


Mənə "cız" dedilər,

Ancaq qorxmadım.

Əlimi yandırıb tanıdım odu.

Mənim həyat ilə ilk tanışlığım

Əlimi yandıran oddan başladı...


Oxşadı gözümü hələ uşaqkən

Ocağın al-əlvan alovu, közü

Dünyaya gələli, bilmirəm nədən

Nəyə vurulduqsa, yandırdı bizi...


Mən oddan qorxmadım yanana qədər;

Mən qorxu bilmədim qanana qədər.

Elə ki, yandım,

Odla oynamaqdan qorxdum, dayandım.

Başlandı qorxu-

Başlandı ehtiyat-

Başlandı həyat...


BÖL GÖRÜM

'Bəxtim, mənə yar ol', deyib çağlaram,

Yar olmasa de bəxtiyar ol görüm.

Gələcəyə ümidimi bağlaram,

Bir an sonra nə olacaq, bil, görüm.


Yaz ayları çağıldayan selmisən?

Bu dünyanı oyuncaqmı bilmisən?

Həyat səni güldürəndə gülmüsən,

Hünərin var, ağladanda gül görüm.


Dünyamızı yasa, toya bölmüşük,

Sevdamızı oda, suya bölmüşük,

Ömrümüzü günə, aya bölmüşük,

Min arzuya, min diləyə böl görüm.


Q I Z I M A

Gəlirsən, gedirsən…

Gözüm önündə,

Bilmirsən nə sorur, nə deyir atan.

Üzündən, gözündən,

Hər bir sözündən

Qəlbini oxumaq istəyir atan.


Gəlirsən, gedirsən… heç nə sormuram,

Baxışlar danışır, baxışlar ancaq.

Bilmək istəyirəm, a mənim balam,

Səni isidirmi qonduğun budaq?


Qınama, bələdəm mən bu həyata,

Kim çərxi geriyə döndərə bilmiş?

Övlada qızıldan təxt verər ata,

Qızıldan bəxtini kim verə bilmiş?


Gəlirsən, gedirsən.

Dəyişmiş bizim

Sözümüz, sorğumuz…

Bu sən,

bu da mən

Elə gəlirsən ki, elə bil, qızım,

Bu evdə doğulub böyməmisən.


Bir az yad olmusan,

Bir az utancaq,

Əvvəlki ərkini istərəm yenə.

Gələndə qonaqsan, gedəndə qonaq,

Nə tez özgələşdi bu ocaq sənə?

Sənin xislətin də nə tez dəyişdi,

Demə gileyliyəm, yox, yox, şadam mən,

Sev ki, seviləsən…

Bizimki keçdi,

İndi sənin üçün narahatam mən.


Qoru hər ləkədən məhəbbətini,

Hər yerdə,

həmişə,

hər zaman, qızım.

Arxan-ata evi…

Səadətini

Yalnız ər evində tapasan, qızım.


Şəhidlər

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər.

Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər.

O şənbə gecəsi, o qətl günü,
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü Şəhidlər.

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə bizdə.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi Şəhidlər.

Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi Şəhidlər.

Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu Ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi Şəhidlər.

Dözdü hər zillətə, dözdü hər şeyə,
” Dünyada mənimdə haqqım var ” deyə
Kütləni xalq edən müqaviləyə,
Qanıyla qolunu çəkdi Şəhidlər.

İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.